Heydərbabaya Salam_1.Hissə
Heydərbaba, ildırımlar çaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətüzə, elüzə,
Mənim də bir adım gəlsin dilüzə.
Heydərbaba, kəhliklərin uçanda,
Kol dibindən dovşan qalxıb qaçanda,
Baxçaların çiçəklənib acanda,
Bizdən də bir mümkün olsa yad elə,
Açılmayan ürəkləri şad elə.
Bayram yeli çardaxları yıxanda,
Novruzgülü, qar çiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyen sağ olsun,
Dərdlərimiz qoy dikəlsin, dağ olsun.
Heydərbaba, gün dalıvı dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqların bir dəstə gül bağlasın,
Yel gələndə, ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.
Heydərbaba, sənin üzün ağ olsun,
Dörd bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sora sənin başın sağ olsun,
Dünya qəzəv-qədər, ölüm-itimdi,
Dünya boyu oğulsuzdu, yetimdi...
XX əsrin görkəmli şairi / Məhəmmədhüseyn Şəhriyar
Yorumlar