Heydərbaba, bulaqların yarpızı, Bostanların gülbəsri, qarpızı, Çərçilərin ağ nabatı, saqqızı İndi də var damağımda, dad verər, İtgin gedən günlərimdən yad verər.
Bayram idi, gecəquşu oxurdu, Adaxlı qız bəy corabın toxurdu, Hər kəs şalın bir bacadan soxurdu, Ay nə gözəl qaydadı şal sallamaq, Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim mən də evdə ağladım, Bir şal alıb tez belimə bağladım, Qulamgilə qaşdım, şalı salladım, Fatma xala mənə corab bağladı, Xan nənəmi yada salıb ağladı.
Yumurtanı göyçək, güllü boyardıq, Çaqqışdırıb sınanların soyardıq, Oynamaqdan bircə məgər doyardıq? Əli mənə yaşıl aşıq verərdi, İrza mənə novruzgülü dərərdi.
Novruzəli xərməndə vəl sürərdi, Gahdan enib küləşlərin kürərdi. Dağdan da bir çoban iti hürərdi, Onda gördün ulaq ayaq saxladı, Dağa baxıb qulaqların şaxladı.
Axşam başı naxırçılar gələndə, Qoduqları çəkib vurardıq bəndə, Naxır keçib gedib yetəndə kəndə Heyvanları çılpaq minib qovardıq, Söz çıxsaydı, sinə gərib sovardıq
Yaz gecəsi çayda sular şarıldar, Daş-qayalar seldə aşıb xarıldar, Qaranlıqda qurdun gözü parıldar, İtlər, gördün, qurdu seçib ulaşdı, Qurd da, gördün, qalxıb gədikdən aşdı
Qış gecəsi tövlələrin otağı, Kətillərin oturağı, yatağı, Buxanda yanar odun yanağı, Şəbçörəsi, girdəkanı, iydəsi, Kəndi basar gülüb-danışmaq səsi.
Şüca xaloğlunun Bakı sovqəti, Damda quran samavarı, söhbəti, Yadımdadı şəsli qəddi, qaməti, Cünəmməyin toyu donüb yas oldu, Nənəqızın bəxt aynası kas oldu.
Heydərbaba, Nənəqızın gözləri, Rəxşəndənin şirin-şirin sözləri Türki dedim, oxusunlar özləri, Bilsinlər ki, adam gedər, ad qalar, Yaxşı-pisdən ağızda bir dad qalar.
Yaz qabağı gün güneyi döəndə, Kənd uşağı qar güllərin sövəndə, Kürəkçilər dağda kürək züvəndə, Mənim ruhum elə bilin ordadır, Kəhlik kimi batıb qalıb, qardadır.
Qan nənə uzadanda işini, Gün buludda əyirərdi teşini, Qurd qocalıb çəkdirəndə dişini, Sürü qalxıb dolayıdan aşardı, Baydaların südü aşıb-daşardı.
Xəccəsultan əmmə dişin qısardı, Molla Bağır əmoğlu tez mısardı, Təndir yanıb, tüstü evi basardı, Çaydanımız ərsin üstə qaynardı, Qovurğamız sac içində oynardı.
Bostan pozub gətirərdik aşağı, Doldurardıq evdə taxta-tabağı, Təndirlərdə bişirərdik qabağı, Özün yeyib, toxumların çırtdardıq, Çox yeməkdən lap az qala çatdardıq.
Vərzəğandan armudsatan gələndə, Uşaqların səsi düşərdi kəndə, Biz də bu yandan eşidib biləndə, Şıllaq atıb bir qışqırıq salardıq, Buğda verib armudlardan alardıq.
Mirzə Tağıynan gecə getdik çaya, Mən baxıram seldə boğulmuş aya, Birdən işıq düşdü o tay baxçaya,
İlk yorumu siz yapın