Oynatıcıya atlaAna içeriğe atlaAltbilgiye atla
  • 29.01.2016
Azərbaycanda dollarda krediti olan borcalanlara güzəştlərin edilməsi ilə bağlı təkliflər əsaslandırılma görmürük. APA TV-nin xəbərinə görə, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.

“Biz başa düşə bilmirik ki, nəyə görə biz bir qrup borcalanı başqalarından fərqləndirməliyik? Birincisi, nəyə görə kiməsə güzəşt edilməlidir? Əgər bir qrup borcalana güzəşt ediləcəksə, sonradan başqa bir qrup borcalan peyda olacaq və deyəcək ki, bəs bizə niyə güzəşt etmirsiniz? Biz onlara nə cavab verəcəyik? İkincisi, bizdə olan məlumata görə, bəzi borcalanlar gözləmə mövqeyindədirlər. Onlar hesab edirlər ki, kimsə onlara kompensasiya verəcək. Ona görə də onlar borclarını ödəmirlər. Yaxud borclarına xidmət göstərmirlər. Hər bir adam borc alanda saf-çürük etməlidir. Bu pulu niyə götürür, hansı valyutada götürür, bu pulu qaytara biləcəkmi? Bank xeyriyyə cəmiyyəti deyil" - deyə o qeyd edib.

Samir Şərifov bildirib ki, ölkədə ünvanlı sosial yardıma ehtiyacı olan aztəminatlı insanlar var və dövlət ilk növbədə onlara yardım göstərməlidir. S.Şərifov əlavə edib ki, dövlət özəl banklarla onların müştəriləri arasında olan münasibətlərə müdaxilə etməməlidir: “Bu adamlar hansı ki, 10 min dollar kredit alıb. Yəqin ki, ehtiyacı olan təbəqə deyil. Ona görə bu məsələdə də sosial ədalət prinsiplərini qorumalıyıq. Kompensasiyaların verilməsi sahəsində mətbuatda fikir mübadiləsi gedir. Mətbuatda Ukraynada aparılan kompensasiya təşəbbüslərini misal gətirirlər. Sadəcə, xatırlatmaq istəyirəm ki, keçmiş Sovetlər İttifaqına üzv ölkələrdə Sovet Əmanət Bankında qalan əmanətlərin əhaliyə qaytarılması ilə bağlı qanunlar qəbul edildi. Amma bir çox ölkədə, o cümlədən Ukraynada bu qanunlar icra olunmadı. Azərbaycan dövləti isə prezident fərmanına əsasən, sosial ədalət prinsipini əsas tutaraq Sovet Əmanət Bankının borcu olan 600 milyon manat məbləğində əmanəti əhaliyə qaytardı. Bugünkü təkliflərdə isə əsaslandırma görmürük. Biz başa düşə bilmirik ki, nəyə görə biz bir qrup borcalanı başqalarından fərqləndirməliyik? Bunu bizə başa salmalıdırlar və ya nəyə görə dövlət özəl bankla müştəri arasında münasibətlərə müdaxilə etməlidir? Bu münasibətlər başlayanda banklar müştərilərinə istehlak kreditini bir çox halda çox yüksək faizlə, 30-35%-lə təklif edirdi. O zaman nədənsə dövləti axtaran yox idi. Soruşan yox idi ki, bəs kreditlər bu faizlə nəyə görə verilir?”

Maliyyə naziri qeyd edib ki, banklar yüksək faizlə kreditlər hesabına yüksək gəlir əldə edib. Onun fikrincə, bu vəziyyətdən çıxış yolunu banklar müəyyənləşdirməlidir: "Banklar yüksək gəlir əldə edib. Gəlirlər hesabına da müştəriləri ilə, necə deyərlər, razılığa gəlsinlər. Gəlirlərinin bir qismindən, faizlərindən keçsinlər. Yaxud kreditlərin müddətini uzatsınlar. Bunun müxtəlif yolları var. Müəyyən normativlər var ki, banklar onları pozmamalıdır. Yəqin ki, Mərkəzi Bank da bunu nəzərə alıb banklara müvafiq güzəştlər edə bilər. Mənim yanaşmam bundan ibarətdir”.

Kategori

🗞
Haberler

Önerilen