Oynatıcıya atlaAna içeriğe atla
  • 10 yıl önce
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov fevralın 11-də Qəbələ rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək, son illər rayonda həyata keçirilən tədbirlər və nəzərdə tutulan layihələr barədə məlumat verib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyevin nitqindən irəli gələn məsələlər, verilən tapşırıqlar barədə məlumat verib.

Nazir dünyada baş verən iqtisadi böhrandan danışaraq qeyd edib ki, bu proseslər neftin qiymətinin və manatın məzənnəsinin aşağı düşməsi ilə nəticələnib: "Lakin dövlət başçısı İlham Əliyevin verdiyi tapşırıqlar, imzaladığı fərman və sərəncamlar, qanunlara edilən dəyişikliklər onu göstərir ki, Azərbaycan öz iqtisadiyyatını daha da gücləndirəcək və əhalinin sosial rifahı yüksələcək".

K.Heydərov bildirib ki, Qəbələ rayonunun böyük turizm imkanları var. Rayonda turizmin inkişafı istiqamətində mühüm işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir. Nazir iş adamlarına Qəmərvan və Yengicə kəndlərindəki yeraltı müalicəvi mineral isti sulardan səmərəli istifadə etməyi tövsiyə edib.

Nazir bildirib ki, prezidentin tapşırığı ilə yerlərdə keçirilən görüşlərdə məqsəd vəziyyətlə, əhalinin yaşayış səviyyəsi ilə daha yaxından tanış olmaq, problemləri, yerli iş adamlarının üzləşdikləri çətinlikləri öyrənib, onların həlli istiqamətində addımlar atmaqdır. O, ictimaiyyət nümayəndələrindən Qəbələnin inkişafı üçün təkliflər verməyə, müzakirədə fəal olmağa çağırıb.

Rayonun iş adamları və fermerlər çıxış edərək öz fəaliyyət sahələri barədə məlumat veriblər. Görüşdə Qəbələ sakinlərinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatın dinamik inkişafı və rayonda potensial imkanların hərəkətə gətirilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Nazir deyib ki, qeyri-neft sektorunun inkişafı üçün Qəbələnin torpaqlarından səmərəli istifadə edilməli, ixracyönümlü məhsulların istehsalına diqqət artırılmalıdır. Nazir həmçinin yaxın vaxtlarda Qəbələnin öz potensial imkanlarından səmərəli istifadə edərək, dotasiyadan çıxacağına ümid etdiyini bildirib.

Kategori

🗞
Haberler
Yorumlar

Önerilen